“Beynəlxalq logistika ilə bağlı mövcud çətinliklər nəzərə alınmaqla Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
Hafta.az yazır ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 59-cu İllik Toplantısındakı çıxışında bildirib.
Özbəkistan Prezidentinin sözlərinə görə, bu layihə yüklərin çatdırılma müddətini 10 günə endirəcək və Mərkəzi Asiya boyunca tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq. Yeni dəhliz boyunca illik yük daşınmasının 15 milyon tona çatacağı gözlənilir.
Ş.Mirziyoyev layihənin regionun logistika əlaqəsinin inkişafında əsas halqa olacağını və iştirakçı ölkələr arasında ticarət-iqtisadi əlaqələri gücləndirəcəyini vurğulayıb.
Bundan əlavə, Özbəkistan Prezidenti "Rəqəmsal Gömrük və Logistika Alyansı"nın yaradılmasını təklif edib. Bu struktur inzibati prosedurları sadələşdirmək, sənəd dövriyyəsinin rəqəmsallaşdırılmasını təmin etmək və dövlət sərhədlərindən malların axınını sürətləndirmək üçün nəzərdə tutulub.